Qanın kliniki və biokimyəvi analizi üçün
Qanın kliniki analizi səhər saatlarında ac qarına, son qida qəbulundan 8-10 saat sonra verilməlidir. Xolesterinin, lipoproteinlərin qanda təyin olunması 12-14 saatlıq aclıqdan sonra aparılır. Hormonal müayinə mütləq qida qəbulundan öncə, səhər saatlarında aparılmalıdır.
Bu müddət ərzində su qəbulu analiz nəticələrinə heç bir əks təsir göstərmir, digər qəhvə, şirin çay, şirələr isə qanın ümumi göstəricilərinə təsir edə bilər. Analiz verməzdən 2 saat öncə siqaret çəkməməli, fiziki iş və emosional faktorlardan uzaq olmaq lazımdır. Müayinəyə gəlməzdən 1-2 gün öncə qida rasionundan yağlı, qızardılmış yeməklər, alkoqollu içkilər çıxarılmalıdır.
Analiz dərman preparatlarının qəbulundan ya əvvəl, ya da dərman qəbulundan 10-14 gün sonra verilməlidir. Əgər Siz analiz verəcəyiniz gün dərman qəbul etmisinizsə mütləq bu barədə həkiminizə məlumat verməlisiniz.
USM, Rentgen, Fizioterapiya müayinələrindən sonra qan analizi vermək məsləhət görülmür.
Sidiyin ümumi analizi
Müayinə üçün yalnız səhər yuxudan oyandıqdan sonra ilk sidik laboratoriyaya təqdim edilməlidir. Sidik yığılmazdan öncə gigiyenik qaydalara riayət edilməlidir. Sidik analizini verməmişdən əvvəl cinsi orqanları sabunla təmiz yumaq lazımdır. Aybaşı zamanı sidik analizi vermək məsləhət deyil. Sidik quru, təmiz, steril qabda 45 dəqiqə ərzində Biomaterialların qəbulu şöbəsinə çatdırılmalıdır.
Sidiyin müayinəsinə 1 gün qalmış xəstə qida rasionundan rəngli meyvə və tərəvəzləri çıxarmalıdır və duzlu qidalar qəbul etməməlidir. Sidik turşusunun səviyyəsinini müəyyən etmək üçün 2-3gün əvvəl purinlərlə (qaraciyər, böyrəklər) zəngin olan qida qəbul edilməməlidir. Ət, balıq, kofe və çayın istifadəsi məhdudlaşdırılır.
Nəcisin ümumi analizi
Nəcis analizi verərkən nəcis steril qaba yığılmalıdır. İmalədən sonra alınmış nəcis müayinə üçün yararsızdır. Nəcis analizi verərkən qaba qoz boyda 1 hissə qoyulmalıdır. Əgər qurd yumurtası təyin ediləcəksə nəcis 15 dəqiqə ərzində laboratoriyaya çatdırılmalıdır.
