Gəncə Tibb Kollecinin 33 tələbəsi 6 aylıq təcrübə proqramını uğurla
Gəncə Tibb Kollecinin 33 tələbəsi 6 aylıq təcrübə proqramını uğurla başa vurdu.
Altı ay ərzində tələbələr xəstəxananın müxtəlif şöbələrində real klinik mühitdə çalışaraq nəzəri biliklərini praktik bacarıqlarla möhkəmləndirdilər. Təcrübəli həkim və tibb işçilərinin rəhbərliyi altında pasiyentə qulluq, tibb bacısı işi, laborator və diaqnostik xidmətlər, təcili tibbi yardım, infeksiyaya nəzarət, tibbi etika, komanda işi və peşə məsuliyyəti sahələrində dəyərli təcrübə qazandılar.
Təcrübə proqramı çərçivəsində iştirakçılar üçün peşəkar inkişafı dəstəkləyən müxtəlif mövzularda nəzəri və praktiki təlimlər keçirildi. Təlimlər infeksiyaların profilaktikası, təcili tibbi yardım, pasiyent təhlükəsizliyi, ilk yardım, tibbi etika, effektiv ünsiyyət və komanda işi mövzularını əhatə etdi. Bütün təcrübə və təlim proqramları Gəncə Beynəlxalq Xəstəxanası tərəfindən tam ödənişsiz təşkil olundu.
Proqramın sonunda tələbələr yekun imtahanı uğurla başa vuraraq sertifikatlarla təltif olundular.
Artıq 10 ildir ki, Gəncə Beynəlxalq Xəstəxanası gənc tibb mütəxəssislərinin peşəkar inkişafına dəstək verir. Bu müddətdə yüzlərlə tələbə real xəstəxana mühitində praktiki təcrübə qazanıb, yüksək nəticə göstərən məzunların bir qismi isə xəstəxanamızda işlə təmin olunaraq kollektivimizin üzvünə çevrilib.
Gəncə Beynəlxalq Xəstəxanası olaraq gənc mütəxəssislərin peşəkar inkişafına dəstək göstərməyi və ölkəmizin səhiyyəsi üçün yüksək ixtisaslı kadrların hazırlanmasına töhfə verməyi bundan sonra da davam etdirəcəyik.

