Uşaqlarınızı payız xəstəliklərindən qoruyun
Davamlı müşahidə edilən isti hava şəraitindən sonra oktyabrın sonlarında, dekabrın əvvəllərində havaların qəfildən soyuması insanlar, xüsusilə uşaqlar arasında soyuqdəymə xəstəlikləri və virus-infeksiyalarının yayılmasına şərait yaradır.
Havaların soyumasından əlavə, uşaqların bir-biri ilə daha çox ünsiyyətdə olduğu məktəb və bağçaların yenidən işə başlaması virus infeksiyalarının daha çox məktəbəqədər və məktəbyaşlılar arasında rast gəlinməsinə imkan verir.
Viruslara böyüklər də yoluxur, amma uşaqlar yoluxmaya daha həssasdırlar. Körpə uşaqların immunitetləri formalaşmadığına görə onlar iltihaba, yoluxmaya daha çox meyilli olurlar. Virus infeksiyaları onların nəfəs yollarında, selikli qişalarında tez zamanda artıb çoxalır və iltihab törədir. Uşaq viruslara yoluxduqda onda rinit başlayır, asqırır, burun ətrafı iltihablaşır, maye axır. Eyni zamanda, infeksiyanın təsiri sinir sisteminə keçir, meningial əlamətlər ortaya çıxır, nəticədə seroz meningit əlamətləri yaranır. Bəzən bu fonda ağır pnevmoniya xəstəliyi inkişaf edir. Ona görə də valideynlər bilməlidirlər ki, kəskin respirator virus infeksiyasının fəsadları çox təhlükəlidir.
Valideynlər uşaq xəstələnən kimi övladlarını evdə saxlamalı, məktəbə buraxmamalı, sahə həkiminə və tibb mütəxəssisinə müraciət etməlidirlər.
Uşaqların geyimi, qidalanması mövsümə uyğun olmalıdır.
Mövsüm dəyişmələri zamanı çox rast gəlinən xəstəliklərin araşında viruslu və yoluxucu xəstəliklər üstünlük təşkil etdiyindən gigiyenaya daha ciddi riayət edilməli, xüsusilə park və bağça gəzintilərindən sonra əl yuyulmalıdır. Uşaqlarda öskürəyin vəziyyətinə xüsusilə diqqətlə yanaşılmalı, həkimə vaxtında müraciət edilməlidir. Çünki payız mövsümündə öskürəyin uşaqlarda, xüsusilə allergik uşaqlarda bronxitə çevrilməsi riski çoxdur.

