Skolioz – onurğanın döş və ya bel bölgələrində gözlə görünən, yana doğru əyriliyi olub, daxili orqanların funksiyasının pozulması ilə müşahidə olunur
Skolioz – onurğanın döş və ya bel bölgələrində gözlə görünən, yana doğru əyriliyi olub, daxili orqanların funksiyasının pozulması ilə müşahidə olunur. Normal və sağlam onurğa sütununa arxadan baxıldığında fəqərələr yuxarıdan aşağıya doğru düz bir xətt şəklində uzanır. Skoliozda isə fəqərələr sağa və ya sola doğru yer dəyişir. Skolioz bel, döş və döş-bel səviyyələrində ola bilər.
Onurğada yana əyilmə; - Qabırğa qövslərində qeyri-bərabərlik; - Kürək sümüklərinin asimmetriyası; - Çanaq sümüklərində əyrilik; - Başın bədənə nisbətən əyri dayanması kimi hallar skoliozun zahiri görünüşcə ilkin əlamətləri ola bilər.
Skolioz vaxtında müalicə olunmazsa, fəqərəarası disklərin degenerativ distrofik dəyişikliklərinə, nəticədə döş qəfəsi və həzm traktı orqanlarının simpatik tənzimlənməsinin pozulmasına səbəb olur. Skolioz, yetişmə çağındakı uşaqların gələcəyini təhdid edən bir xəstəlikdir.
Kifoz - onurğa sütununun əsasən döş qəfəsində yaranıb, döş qəfəsini önə və aşağıya doğru əyir. Fizioloji və patoloji olaraq iki hissəyə ayrılır. Kifoz anadangəlmə, genotipik ola bilər, həmçinin mobil vasitələrdən istifadə zamanı onurğa ətrafı əzələlərin qeyri düzgün duruşu və passivliyi zamanı yarana bilər. Kifoz adətən əyriliklə yanaşı digər orqanlara təsiri ilə də xəstəni narahat edir.Kifoz zamanı xəstələrin onurğasında olan əyrilik səbəbli ağrılar meydana çıxır. Bu əyilmələr zamanı fəqərəarası diskin sinirləri sıxması baş verir. Əsas müalicəsi – həyat tərzinin düzgünlüyü, qamətin düzəlməsi üçün qoyulan fizioterapevtik müalicə və tətbiqi, məcburi hallarda korset.
Uşaqlarda skolioz və kifozun fizioterapiya üsulu ilə müalicəsi zamanı FED metodu, terapevtik müalicəvi masaj, elektroforez və fonoforez, Şarko duşu, onurğa sütunu traksiyası, maqnitoterapiya, lazer terapiyası, elektromiostimulyasiya, palçıq terapiyası, hidroterapiya, termoterapiya üsullarından istifadə olunur. Bəziləri universal şəkildə istifadə edilir, bəzilərinin isə bir sıra əks təsiri olduğundan, müalicə üsulu yalnız həkim tərəfindən təyin edilməlidir.
Xəstəlik erkən aşkarlandığında müalicəsində müvəffəqiyyət əldə olunması mümkün olur.