Diabetik retinopatiya və makulyar ödəm diabet xəstəliyinin törətdiyi
Diabetik retinopatiya və makulyar ödəm diabet xəstəliyinin törətdiyi fəsadlardan biridir. Retinopatiyanın səbəbi gözün arxa tərəfində yerləşən gözün retinasını (torlu qişa) qidalandıran damarlarda yaranan problemlərdir. Bu damarlardan qan və ya maye sızması olur. Xüsusilə, qan şəkərinə nəzarət edilmədiyi müddət ərzində fəsadlar tez və sürətlə inkişaf edir. Təxminən diabet diaqnozu qoyulan xəstələrin ilk 10 il ərzində 50 %-də, 30 il ərzində isə 90 %-də retinopatiya inkişaf edir.
Diabetik retinopatiya zamanı tətbiq olunan lazer fotokoaqulyasida əsas məqsəd görməni stabilləşdirərək fəsadların inkişafının qarşısını almaqdır. Fotokoalqulyasiyada qan sızan nahiyəni müalicə etmək üçün yüksək enerji şüa olan arqon lazerindən istifadə edilir. Arqon lazer fotokoaqulyasiya müalicəsi poliklinik şəraitdə icra edilir. Xəstəyə iynə və ya başqa bir vasitə ilə müdaxilə edilmir. Sadəcə bir neçə göz damlasından istifadə edilir. Müalicə biomikroskop alət vasitəsilə həyata keçirilir. Bu alət həkimin gözün hər bir hissəsini böyük və aydın görməsini təmin edir. Biomikroskop masasına əyləşən xəstənin gözünün buynuz qişasının üzərinə bir linza yerləşdirilir. Beləcə müalicə ediləcək retinaya lazer işığı fokuslanır. Fundus Floresein Angioqrafiya şəkilləri lazer işığının hansı tərəfə yönlədirilməsini təyin etməkdə kömək edir. Müalicə bir neçə seansdan ibarətdir və hər seans 10-15 dəqiqəni əhatə edir. Prosedur zamanı yüksək enerjili işığa bağlı olaraq xəstələrin gözü qamaşa bilər. Arqon lazer tətbiq edildiyi nahiyə yandırılaraq sızmanın qarşısı alınır. Müalicə seansından sonra xəstələr evlərinə buraxılırlar, ancaq maşın sürmələri tövsiyə edilmir. Bir neçə gün görmə bulanıq ola bilər.
Lazer cərrahiyyəsi sızmanın qarşısını alsa da, daha sonra yeni sızmaların yaranmaması üçün xəstələr onlara deyilən vaxtlarda həkim müayinəsinə gəlmələri vacibdir.
