Qız uşaqlarının sağlam inkişafını izləmək və gələcəkdə problemlərin
Qız uşaqlarının sağlam inkişafını izləmək və gələcəkdə problemlərin qarşısını almaq üçün həkim ginekoloqa vaxtında müraciət edilməlidir.
İlk ginekoloji vizit nə vaxt olmalıdır?
12–15 yaş arası.
Bu mərhələdə məqsəd menstruasiya dövrünü dəyərləndirmək, hormonal dəyişikliklərlə bağlı suallara cavab vermək, gigiyena və sağlamlıq vərdişlərini öyrətməkdir. Adətən USM, qan analizləri və sadə konsultasiya kifayət edir.
Valideyn hansı hallara diqqət etməlidir?
Menstruasiya ilə bağlı çətinliklər – çox ağrı, uzun sürən gecikmələr və güclü qanaxma varsa, həkim ginekoloqa müraciət edilməlidir.
Şübhəli axıntı və qoxu – infeksiya əlaməti ola bilər; baxış və analizlərlə səbəb müəyyən edilir.
Güclü qarınaltı ağrıları – USM ilə yumurtalıqlar və uşaqlıq qiymətləndirilir.
Erkən və ya gec yetkinlik – 8 yaşdan əvvəl süd vəzisinin böyüməsi və ya menstruasiyanın başlaması, həmçinin 15 yaşa qədər menstruasiyanın olmaması hallarında həkim ginekoloqa müraciət edilməlidir.
Qız uşaqlarında müayinə mümkün qədər rahat və təhlükəsiz şəkildə keçirilir
- USM (qarın üzərindən)
- Qan analizləri
- Vizual baxış və konsultasiya
Bunlar tamamilə ağrısızdır və uşağın psixoloji rahatlığı qorunur.
Niyə vacibdir?
Qız uşaqlarının vaxtında həkim ginekoloqa müraciət etməsi onların reproduktiv sağlamlığının düzgün inkişafını izləməyə, hormonal balans və menstruasiya dövründə ola biləcək pozuntuları erkən aşkar etməyə imkan verir. Bu, həm də gələcəkdə daha ciddi problemlərin qarşısını almağa, həkim qorxusunun yaranmasının qarşısını almağa və gələcək analıq və qadın sağlamlığı üçün möhkəm baza yaratmağa kömək edir.

