Xeyirli Çay Çay bütün fəsillərdə süfrəmizin bəzəyidir və Azərbaycanda ən çox sevilən içkilərdən biridir
Xeyirli Çay
Çay bütün fəsillərdə süfrəmizin bəzəyidir və Azərbaycanda ən çox sevilən içkilərdən biridir. Yorğun vaxtlarımızda, dostlarla görüşəndə, qonaq qəbul edəndə çay süfrəsinin arxasına keçərkən tez-tez belə bir ifadə də işlədirik: Çay nədir, say nədir.
Ətirli çay yorğunluğu çıxarmaqla yanaşı, həm də sağlamlıq üçün faydalıdır. Çayın tərkibində faydalı minerallar və C vitamini var. Bu ətirli içkini qəbul etmək qanda xolesterinin səviyyəsini aşağı salır. Çay ürək-damar xəstəlikləri üçün profilaktikadır, belə ki, çayda olan faydalı maddələr damarları təmizləyir və elastikliyini artırır.
Alimlərin araşdırmaları göstərir ki, gündə bir neçə stəkan çay içən adamların immun sistemi daha aktiv olur. Bu içki xüsusilə mövsümi soyuqdəymələr zamanı faydalıdır. Çay içmək mədə xərçənginin qarşısını alır. Tərkibində olan flerit maddəsi dişləri çürüməyə qoymur və dişlərin kökünü möhkəmləndirir. Çay işmək həm də həzm prosesini rahatlaşdırır. Məhz bu xüsusiyyətlərinə görə ilk dəfə çay şəfaverici sayıldığı üçün dərman kimi içilib. Amma zaman keçdikcə çay xoş ətir və dad verdiyi üçün gündəlik olaraq içilməyə başlanıb.
Çay qaynar içildikdə orqanizmə faydadan çox ziyan verir. Üstəlik əgər həmin qaynar çay tünddürsə onun zərəri ikiqat artır. Məsələ ondadır ki, qaynar çay təkcə boğazı deyil, həm də qida borusunu, mədə divarlarını qıcıqlandırır. Bununla da uzun müddət qaynar çay içən insanlarda ciddi xəstəliklərin yaranması ehtimalı artır.
Alimlərin gəldiyi nəticəyə görə 62 dərəcədən yuxarı temperaturda olan çayı içmək mədə-bağırsaq sistemində ciddi xəstəliklərə səbəb olur. Çayın içilməsi üçün onun temperaturu maksimum 56 dərəcə olmalıdır. İsti çay qida borusunda xərçəng xəstəliyinin yaranma riskini artırır.
Tünd çay içmək həvəsindən də imtina etmək lazımdır. Çünki tünd çayın tərkibində kofein və tanin daha çox olduğuna görə bu baş ağrılarına və yuxusuzluğa səbəb ola bilər.