Oftalmologiya

04.04.2020Sağlamlıq məqalələri

Koronavirusla bağlı yayılan məlumatlar hamımızda narahatlıq doğurur

Koronavirusla bağlı yayılan məlumatlar hamımızda narahatlıq doğurur. Ətrafda eşitdikləri, valideynlərinin duyduğu təşviş uşaqlara da təsir edir. Çünki onlar çox həssasdırlar. Bəs bu barədə necə danışmaq olar ki, həm məlumat verib, həm də rahatlıqlarını təmin etmək mümkün olsun?

Onlara suallar verin, söhbət edin. Əgər o bu məsələdən çox da narahat deyilsə və ya heç maraqlanmırsa, o zaman sadəcə qısa şəkildə anladığı dildə informasiya verə bilərsiniz və təmizlik qaydalarını izah edə bilərsiniz.

Uşaq koronavirusun nə olduğunu bilmək istəyirsə, ona sadə şəkildə bu virusun adi bir virus olduğunu və insan bədəninə daxil olduqda xəstəlik, halsızlıq yaratdığını, əlamətlərini izah edin. Virusların asqırıq və öskürəklə ətrafa yayıldığını, bundan əlavə, mikrobların əllə yayıla bildiyini, əlləri ağıza, üzə, gözə qəti şəkildə vurmamağın, tez-tez əl yumağın vacibliyini öyrədin.

Söhbətinizin davamında bu eşitdikləri barədə nə düşündükləri, bunların necə baş verdiyi haqda suallar verin ki, hadisələri analiz etməyi öyrənsinlər.

Əgər uşaq özünün də yoluxacağından qorxursa, onların bu xəstəliyə nadir hallarda tutulduğunu və adi qrip kimi yüngül keçirdiklərini deyə bilərsiniz. Özlərini nəzarətdə saxlamağa, gündəlik rejimə riayət etməyə təşviq edin. Uşaq anlamalıdır ki, yaxşı yatıb yuxusunu alarsa, düzgün və sağlıqlı qidalanarsa, təmizliyə riayət edərsə, ona heç bir xəstəlik yoluxmaz.

Çalışın ehtiyac duyulandan artıq informasiya verməyin, sadəcə uşağın suallarını cavablandırın və özünü əmin, təhlükəsiz hiss etməsinə şərait yaradın.

Övladınız cavabını bilmədiyiniz sual verirsə, yaşına uyğun olaraq onu birlikdə axtarmağı təklif edin. Onlarla danışarkən, səsinizi sakit və pozitiv tonda saxlamağa çalışın. Söhbətinizlə onlara rahatlıq, əminlik verməlisiniz.

Onları həkimlərin və xəstəxanaların insanları sağaltdığına inandırın. Bu söhbətlər onlarda çətin, stressli zamanların bir müddət sonra keçəcəyinə və normal həyatın qayıdacağına inam yaradır, həyata qarşı davamiyyəti formalaşdırır.

Bizimlə əlaqə saxlayın

Sualınızı yazın və ya xəstəxanaya gəlin.

Heydər Əliyev prospekti 60 D/E/F,
Kəpəz rayonu, Gəncə