Gəncə Beynəlxalq Xəstəxanasında tibbi personalların diqqət və qayğısı
Gəncə Beynəlxalq Xəstəxanasında tibbi personalların diqqət və qayğısı ilə əhatə olunub.
Erməni qəsbkarları 1988-ci ildə torpaqlarımıza təcavüz etməyə başladıqları andan igid oğullarımızla yanaşı Azərbaycanın qəhrəman qızları Vətənin müdafiəsi uğrunda könüllü olaraq cəbhəyə yollandılar, torpaqlarımızın azadlığı uğrunda döyüşlərə qatıldılar.
Qarabağ müharibəsində kişilərlə çiyin-çiyinə torpaqlarımızın bütövlüyü uğrunda mübarizə aparan Azərbaycanın döyüşçü qadınlardan biri də Təranə Qasımovadır. Könüllü olaraq Qarabağ uğrunda gedən döyüşlərə qatılan Təranə xanım Ağdam rayonu istiqamətində, döyüşlərin qızğın getdiyi yerlərdə böyük şücayət göstərib.
Təranə Qasımova döyüşlərdə öz doğma qardaşı Rauf Abdullayevlə çiyin- çiyinə vuruşub. Vətəninə, torpağına bağlı olan bacı-qardaşı 1993-cü ildə düşmən gülləsi ayırır. Rauf Abdullayev ən uca zirvəyə, şəhidlik zirvəsinə ucalır. Qardaşının yoxluğundan ruhdan düşməyən Təranə Qasımova sonra da müxtəlif hərbi əməliyyatlarda iştirak edir, düşmənə qarşı amansızlıq nümayiş etdirir.
Uzun illər ön cəbhədə Vətənin keşiyində dayanan qəhrəman qadın, cəbhədə atəşkəs elan olunandan sonra polkovnik leytenant kimi hərbi fəaliyyətini davam etdirir. Lakin çox keçmir ki, həyat Təranə Qasımovaya amansız davranır. Səhhətində baş qaldıran problemlərlə mübarizə aparan Təranə Qasımovaya bu dəfə tale daha ağır zərbə vurur. İki övladından biri qəfil dünyasını dəyişir. Düşmən gülləsinə sinə gərən məğrur qadını övlad dərdi yıxır. Şəhid bacısı, müharibə veteranı, qəhrəman qadın Təranə Qasımovanın səhhəti tamamilə pisləşir, hərəkət və nitq qabiliyyətini itirir.
57 yaşlı qəhrəman hazırda yaxınlarının himayəsində yaşasa da, sosial və tibbi qayğılar həm onu həm də yaxınlarına çətinlik yaşadır.
Gəncə TV-nin sosial şəbəkələrdə Təranə xanımın dəstəyə ehtiyacı olması ilə bağlı çağırışına səs verən Gəncə Beynəlxalq Xəstəxanası Qarabağ döyüşləri iştirakçısının tibbi müayinələrini təmannasız öz üzərinə götürdü. Hazırda Təranə xanım Gəncə Beynəlxalq Xəstəxanasında tibbi personalların diqqət və qayğısı ilə əhatə olunub.

