Aorta anevrizması nədir
Arxiv: gbx.az-ın köhnə saytından (2016–2017).
Aorta anevrizması nədir? Aorta damarı bədənimizdə olan ən böyük damardır və ürəkdən qanın vücudumuza daşınmasını təmin edir. Orta hesabla 3–3,5 sm diametrə malikdir. Ürəkdən başlayaraq qarın içərisində aşağı ətraf damarları ayrılana qədər davam edir. Bölgələrə görə adlandırılır. Ürəkdən çıxan beyin və sağ qolumuza ayrılana qədər–qalxan aorta, bu damardan sol qola gedən damarın ayrılma bölgəsinə qədər–aorta qövsü, sol qola ayrılan damardan qarın boşluğuna qədər olan hissə–enən aorta, qarın içərisində aşağı ətraf arteriyalarına ayrılana qədərki hissə–qarın aortası adlanır. Aorta damarının bütün hissələrində genişlənmə yarana bilir. Hətta aortanın bütün hissəsi eyni zamanda genişlənə bilir. Qalxan aorta anevrizmaları əsasən birləşdirici toxuma xəstəliklərindən, aorta qapaq xəstəliklərindən, yüksək təzyiq və ağciyər xəstəliklərindən yaranır. Genişlənmə hansı hissədədirsə buna uyğun olan əməliyyat texnikası tətbiq edilir. Aorta damar genişlənməsi nəyə səbəb olur? Aorta damarlarında olan genişlənmə içərisində qan təzyiqinin daha da artmasına, burdan keçən qan axınının pozulmasına və damar divarının incəlməsinə səbəb olur. Diametri 5 sm–dən artıq genişlənmiş qalxan aorta 5 il içərisində 80 % yırtılma və ani ölüm riski daşıyır. Bəzi xəstələrdə aorta qapağında bir problem olmasa belə damarın genişlənməsi aorta qapağının çatışmazlığına və buna bağlı olaraq ürəkdə patoloji dəyişikliklərin yaranmasına səbəb olur. Aorta anevrizmaları zamanı hansı müayinə üsulu görülür? Damar genişlənmələri üçün ən önəmli müayinə metodu kontras ilə çəkilən komputer tomoqrafiyasıdır.Həm damar genişlənməsinin ölçülməsi həm də ediləcək əməliyyatın planlaşması üçün mütləq KT çəkilməlidir. Müayinədən sonra Aorta anevrizmalarının yerləşdiyi bölgələrə görə fərqli əməliyyat texnikası tətbiq edilir.
